Martın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İkinci Qarabağ müharibəsində təhsil işçilərinin qəhrəmanlıqlarından bəhs edən “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan və ADMİU Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunan kitab Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü, iqtisad elmləri doktoru Səttar Möhbalıyevin rəhbərliyi ilə tərtib olunub. Kitabda Vətən müharibəsində iştirak edən 760 nəfər təhsil işçisi haqqında məlumat verilir ki, bunlardan da 3 nəfəri ADMİU-nun əməkdaşıdır. Bunlar, mütəxəssis kimi çalışan Əsgərli Tərlan, Həsənov Azər və Hüseynov Arifdir. Müharibə iştirakçısı olan cəsur döyüşçülərin tanıdılması məqsədilə nəşrdə onların igidliyi, vətənpərvərliyi və qələbə dolu döyüş yolu geniş şəkildə öz əksini tapıb.
Bildirilib ki, Azərbaycan gəncinin əzmkarlığını bütün dünyaya nümayiş etdirən Vətən müharibəsi iştirakçılarından şəhidlik zirvəsinə ucalmış təhsil işçilərinin əziz xatirəsinin və qəhrəman əməkdaşların mübarizliyinin təbliğində “Qəhrəman təhsil işçiləri” kitabı dəyərli vəsaitdir.
Daha sonra çıxış edən ADMİU-nun prorektorları Gülşən Əliyeva-Kəngərli, Nigar Rüstəmova, ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov, ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov və başqaları nəşrin özəlliklərindən bəhs edib, bu cür kitabların daha çox yazılmasının gənc nəslin vətənpərvərıik yönümlü tərbiyəsindəki önəmini vurğulayıblar.
Qeyd edək ki, “Qəhrəman təhsil işçiləri” kitabından ADMİU Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə etmək olar.