AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı dəyirmi masa keçirilib
İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “BƏT-nin icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda dəyirimi masa keçirilib.

Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.

S.Möhbalıyev çıxışında icbari əməyin qlobal xarakter daşıdığını və dünyada  21 milyona yaxın insanın icbari əməyin qurbanı olduğunu bildirib: “Bunlardan 880 mini Avropa İttifaqı ölkələrinin payına düşür ki, onların da 90 %-i özəl sektorda çalışanlardır. 68 faizini isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb olunanlar təşkil edir”.

Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına ciddi yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir: “Bundan sonra da 105 saylı Konvensiyanın tətbiqi ilə bağlı ətraflı müzakirələr davam etdiriləcək və əsaslı tədbirlər görüləcəkdir. Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-nin 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqət yetirir, Konvensiyada göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir. Əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsində irəliləyişlər nəzərdə tutulur”.

“AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi deyildir ki, sosial partnyorlarla imzaladığımız  Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilib”, – S.Möhbalıyev qeyd edib.

BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, AHİK-in şöbə müdiri Namiq Hüseynov və digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Qeyd edək ki, tədbir iki gün (29-30 iyun) davam edəcək.

Bizimlə əlaqə

+994 12 000 00 00

admiu-hik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo