Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sərgi-tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun bütün xanım əməkdaşları, tələbələr iştirak ediblər.
Beynəlxalq Qadınlar Günü ərəfəsində universitetin Rəssamlıq fakültəsinin xanım müəllimlərinin əsərlərindən ibarət sərgini açıq elan edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova xanımları bayram münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, işlərində və şəxsi həyatlarında uğurlar arzu edib.
ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov çıxış edərək rektor Ceyran Mahmudova başda olmaqla bütün xanımları təbrik edib, hər il olduğu kimi bu il də ADMİU-nun bu gözəl günü xüsusi qeyd etməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Əməkdar incəsənət xadimi, dosent Fəxriyyə Xələfova, ADMİU-nun kafedra müdirləri- Xalq artisti Teyyub Aslanov, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar müəllim, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev, Xalq artisti Məmmədsəfa Qasımov və başqaları çıxış edərək xanımları təbrik ediblər.
Tədbirin davamında il ərzində uğurlu pedaqoji və yaradıcı fəaliyyəti ilə seçilən bir sıra xanım əməkdaş, o cümlədən, bu il yubileyləri qeyd olunan xanım müəllimlər ADMİU rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və müxtəlif hədiyyələrlə təltif olunublar.
Həmçinin, hər fakültənin il boyu ən yüksək göstəriciləri ilə seçilən bir xanım tələbəsi ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunub. Onlara mükafatlarını komitənin sədri Cavid Əhmədov təqdim edib.
Sərgi-tədbir xanım əməkdaşlar arasında lotereya oyunu ilə davam edib. ADMİU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan və maraqlı səhnələrlə yaddaqalan oyunda 50-yə yaxın xanım əməkdaş qalib olaraq müxtəlif hədiyyələr qazanıblar.
Sonda tədbir iştirakçıları Rəssamlıq fakültəsinin xanım müəllimlərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.