Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Qeyd edib ki, Vətən müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsi iştirak edib və şərəflə döyüşüb. Onlar arasında əməkdaşlar, tələbələr və məzunlar var. Universitetin üç məzunu şəhidlik zirvəsinə ucalıb: “Universitetimiz həm Vətən müharibəsində, həm də sonrakı dövrdə hər zaman şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza diqqətini əsirgəməyib. Biz onların hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. Təkcə, 27 sentyabr günü deyil, hər zaman onları yad edir, xatirələrini əbədi qəlbimizdə yaşadırıq. Eləcə də Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz bizim qürur yerimizdir”.
Son günlər cəbhədə baş verən gərginlikdən və Azərbaycan ordusunun keçirdiyi anti-terror əməliyyatından söz açan xanım rektor rəsmi mənbələrə əsasən, 24 saatlıq hərbi əməliyyatlarda Azərbaycan ordusunun 192 şəhid verdiyini bildirib və başda Ali Baş Komandan olmaqla, ordumuzun, şəhidlərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu əlavə edib, bütün şəhidlərimizin fəxr yeri, qürur mənbəyi olduğunu vurğulayıb.
ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov bu günün anım günü olmaqla yanaşı, Azərbaycan xalqının böyük zəfərinin başlandığı tarix olduğunu bildirib. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları arasında Mədəniyyət və İncəsənət Universitetinin yetişdirdiyi tələbələrin də yer almasının böyük fəxr olduğunu vurğulayan natiq müharibədə qarşılaşdığı tələbəsindən və onun komandirlərindən eşitdiyi qəhrəmanlıqlardan söz açıb. Bir müəllim və bir vətəndaş kimi onların hər biri ilə qürur duyduğunu bildirən A.Şükürov şəhidlərimizə rəhmət, xalqımıza bundan sonra xoş günlər arzu edib.
ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət xadimi Əli Əmirli 44 gün ərzində davam edən müharibənin sonunda qazanılan qələbənin Azərbaycan xalqına yaşatdığı sevincdən danışıb. O qeyd edib ki, bu gün anım günü olsa da, bu, Azərbaycan xalqının ən şanlı səhifələrindən biridir. ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov günün önəmindən danışıb və şəhidlərimizin hər zaman sayğı və ehtiramla anıldığını əlavə edib.
Sonda ADMİU-nun tələbələri Əzizəxanım Kazımova, Firuzə İbrahimova və Əliağa Tapdıqov vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.